Əlverişsiz hava şəraiti kənd təsərrüfatına necə təsir edib? – ARAŞDIRMA

Kənd Təsərrüfatı

01.05.2025 13:10

145

Bir neçə gündür ölkədə hava şəraiti qeyri-sabit keçir. Aprel ayının birinci yarısından müşahidə edilən isti havaları soyuq havalar əvəzləyib. Temperatur bir neçə dərəcə enib, paytaxta və bölgələrə güclü yağış yağıb.  Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ay ərzində bəzi rayonlarda dolu düşüb, dağlıq ərazilərə qar yağıb. Yaz ayı olmasına baxmayaraq, istilər daha az müşahidə olunur. 

Bəs dəyişkən hava şəraiti kənd təsərrüfatına necə təsir edib? 

Mövzu ilə bağlı TodayPress-ə danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, əslində, bu il payız əkinləri başlayandan hava şəraiti kənd təsərrüfatı üçün uyğun olub. 

“Həm yağıntıların kifayət qədər olması, həm də qışda qarın yağması payız əkinləri üçün müsbət effekt verirdi. Amma aprel ayında yaz əkinləri başlayıb. Bizdə bu zaman əsasən, böyük ərazilərə pambıq, qarğıdalı, günəbaxan və şəkər çuğunduru əkilir. Lakin havaların dəyişkən keçməsi, kifayət qədər temperaturun yüksək olmaması səpindən sonra bitkinin alınmasında çətinlik yaradır”. 

Onun qənaətincə, aprel ayındakı hava şəraiti bağçılıq üçün bir az əlverişsiz olub. Bəzi erkən çiçəklənən meyvə ağaclarına zərər dəyib. Həmçinin daha əvvəlki illərə baxanda, bu ilin hava şəraiti kənd təsərrüfatı üçün daha əlverişli olub. İqtisadçı, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə diqqətə çatdırıb ki, adətən belə dəyişkən hava şəraitinə qarşı mübarizə tədbirləri dərhal həyata keçirilə bilmir. 

“Yəni, əgər açıq havada bitki varsa, o bitkini soyuqdan qorumaq üçün hansı vasitələrdən istifadə etmək olar? Bütöv sahəyə polietilen çəkmək mümkün deyil, bu, böyük xərc tələb edir. Bu cür hava şəraitindən sığortalanmaq üçün payız aylarında torpağın tərkibi analiz olunmalıdır. Orada kaliumun tərkibi müəyyənləşdirilməlidir. Əgər torpaqda kalium və fosfor gübrələri, elementi azdırsa, mütləq şumdan əvvəl torpağa həmin vasitələr verilməlidir. Çünki kalium gübrəsi bitkinin dəyişkən hava şəraitinə, soyuğa, şaxtaya davamlılığını artırır. Yəni, bitkinin immun sistemini gücləndirir. Fosfor isə bitkinin çiçək və meyvəsinin güclü artmasına kömək edir. Bu iki element olmayanda, bitki hava şəraitinin bir az dəyişməsinə belə dərhal reaksiya verir: ya zəifləyir, ya sıradan çıxır, ya da inkişafdan geri qalır”. 

Ekspertin sözlərinə görə, bütün bu halları nəzərə alaraq tədbiri payızdan görmək lazımdır. Hazırkı dəyişkən hava şəraitində həm külək, həm də yağış qısa müddətli olduğuna görə, meyvə-tərəvəz və bostan bitkilərinə o qədər də ciddi ziyan vurmur. Amma yemçilikdəki vəziyyət bunun tam əksidir. 

“Hazırda yoncanın birinci biçini davam edir. Biçilən yoncalar havanın temperaturu aşağı olduğuna görə, uzun müddət sərgidə qalıb qurumalı olur. Ona görə də, otun yağış vurma ehtimalı böyükdür. Belə olan halda onun keyfiyyəti aşağı düşür. Bəzən istə tamamilə istifadəyə yararsız olur. Biçilməmiş otlarda, yəni hələ biçin müddəti çatmayan sahələrdə də ot yatır, nəticədə biçin zamanı itkilər verir, havalanma sistemi pozulur, çürüyür. Bundan başqa, küləkli hava şəraiti həm də taxılı yatırdır, sünbül ətrafında hava sekulasiyasını pozur, yetişmə prosesi ləngiyir, bəzi hallarda tozlanma prosesi əngəllənir və məhsuldarlıq aşağı düşür”. 

Bütün bunlara baxmayaraq, bu il meyvələrin məhsuldarlığının yüksək olacağı gözlənilir. Artıq bağlarda yüksək məhsuldarlıq müjdələri var. Məsələn, bu il ərik, şaftalı, albalı, gilas, alça, alma və s. bol olacağı deyilir. Bostan-tərəvəz bitkilərində isə inkişaf bir az ləngisə də,  bu yağışlı hava şəraiti onlara daha çox müsbət təsir edir. Yağış torpaqda nəmin uzun müddət qalmasına kömək edir və hava istiləşəndə bitkilərin sürətli inkişafını təmin edir.

Töhfə Səməd

tag: Cəfər İbrahimli,Ekspert,Hava,Kənd Təsərrüfatı,Todaypress.az,

photo