David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf etdi
Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David
İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan
cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 4-də davam
etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən
ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin
müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan
silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində
xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyana dövlət ittihamını müdafiə
edən prokurorlar tərəfindən suallar ünvanlanıb.
O, Azərbaycana qarşı ilk döyüşlərə “Daşnak taboru”
adlandırılan “Şuşa əlahiddə taboru”na qoşularaq başladığını bildirib.
Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin
suallarını cavablandıran zaman xidmət etdiyi taborda Azərbaycan Respublikasına
qarşı döyüşdüyünü və hücum zamanı silahdan istifadə etdiyini də etiraf edib.
D.Manukyan Birinci Qarabağ müharibəsi zamanı “Daşnak
taboru”nun tərkibində Ağdərə rayonunda, 15 gün isə Kəlbəcər rayonunda
döyüşlərdə iştirak etdiyini deyib.
O bildirib ki, sonralar “Şuşa tabor”unda tağım komandiri,
bölük komandiri, qərargah rəisi olub.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab
olaraq isə qeyd edib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi
xidmətdə olarkən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına
Hərbi Akademiyaya təhsil almağa göndərilib.
O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi
xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə
göndərilməsindən danışıb və deyib: “Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya,
Yunanıstana oxumağa göndərilirdilər. Bu, Ermənistan Müdafiə Nazirliyi
tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil
alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi”.
Təqsirləndirilən şəxs general-mayor rütbəsini Ermənistan
prezidenti Armen Sarkisyanın əmri ilə aldığını bildirərək vurğulayıb: “Mənə
rütbəni 2020-ci il yanvarın 28-də Ermənistan silahlı qüvvələri günündə
prezident iqamətgahında prezident Armen Sarkisyan təqdim etdi”.
Onun sözlərinə görə, daha sonra Ermənistan prezidenti
Armen Sarkisyanın əmri ilə qondarma rejimin “ordusu”nda “komandanın 1-ci
müavini” (döyüş hazırlığı üzrə) vəzifəsinə təyin olunub. O, 2020-ci ildə 44
günlük müharibə zamanı həmin vəzifədə olduğunu, göstərişləri “müdafiə naziri”
Cəlal Harutyunyandan aldığını bildirib.
David Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş
ərazilərində yerləşən “qərargah”ın aşağı mərtəbəsində ehtiyat komanda məntəqəsi
yaradıldığını da bildirərək deyib: “Tapşırıq bu idi ki, komanda məntəqəsi məhv
ediləcəyi təqdirdə, vəzifələrini müvəqqəti üzərinə götürəcəkdi”.
Təqsirləndirilən şəxs 2020-ci ildə 44 günlük müharibə
zamanı Ermənistan silahlı qüvvələrinin 99192 saylı hərbi hissəsinin “Cəsurlar
dəstəsi” adlı üçüncü bölüyünün həmin vaxt işğal altında olan Azərbaycan
ərazilərinə gəlməsindən də danışıb: “Həmin bölük 2020-ci il oktyabrın 11-də
Ermənistanda formalaşdırılıb və Qarabağa “ordu” komandirinin tabeçiliyinə
göndərilib. Komandir dedi ki, maraqlan. Mən qeyd olunan yerə getdim. Orada
müxtəlif yaşlı və müxtəlif peşələrdən 90 nəfər var idi. Həmin bölmənin
maliyyələşməsini Ermənistan həyata keçirirdi. Müharibədən sonra “bölük
komandiri” yanıma gəldi. Əlində iki siyahı var idi: 90 və 20 nəfərlik. Dedi ki,
90 nəfərin hamısını olmasa da, azı 20 şəxsi mükafatlandıraq...”.
O, 44 günlük müharibədən sonra qondarma rejimin
“ordusu”nda ixtisarlar aparıldığını təsdiqləyib, lakin bunun səbəbi barədə
danışmayıb. Daha sonra isə qeyd edib: “Mən 2021-ci ilin sonlarında Ermənistan
prezidentinin əmri ilə “ordu”dan ehtiyata buraxıldım”.
Təqsirləndirilən şəxs Ağdərədə “hərbi hissə komandiri”
olarkən Ermənistan prezidenti Robert Köçəryan tərəfindən “İkinci dərəcəli döyüş
xaçı” medalı ilə təltif olunduğunu da deyib.
Həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal
altındakı ərazilərindəki qondarma qurumun “müdafiə naziri”ni Ermənistan
Respublikası təyin edirmiş.
D.Manukyan qondarma rejimin “prezidenti”nin “müdafiə
naziri” təyin etmək səlahiyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs daha
sonra bildirib: “Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq
“müdafiə naziri”ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi”.
Təqsirləndirilən şəxs qondarma rejimin “ordusu”nda xidmət
edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini
diqqətə çatdırıb.
O, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə
silahların Ermənistandan gətirildiyini etiraf edib. Eyni zamanda, Ermənistandan
vaxtilə işğal edilmiş ərazilərə hərbi xidmət üçün zabitlərin və digər hərbi
qulluqçuların göndərildiyini bildirib.
D.Manukyan ehtiyata qondarma rejimin “ordusu”ndan
buraxıldığını, lakin təqaüdü qeydiyyatda və vətəndaşı olduğu Ermənistan
Respublikasından aldığını da etiraf edib.
Təqsirləndirilən şəxs “komandir”i olduğu “Ağdərə
rayonunun 7-ci müdafiə xətti”nin hərbçilərinin Goranboy rayonunun Gülüstan
kəndi istiqamətində mina basdırıldıqlarını da etiraf edərək deyib: “Səhv
eləmirəmsə, PMN-1 minaları idi”.
O, həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal
edilmiş ərazilərində yaradılmış qondarma rejimin uzaqmənzilli ballistik raketi
olmayıb.
D.Manukyan 2020-ci ildə 44 günlük müharibə zamanı
Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu
hadisələrdən sonradan xəbər tutduğunu iddia edib.
O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində
keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən
şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların
Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.
Təqsirləndirlilən şəxs dövlət ittihamçısı Təranə
Məmmədovanın suallarını cavablandırarkən hazırda Azərbaycanda həbsdə olan və
xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Ruben Vardanyanla
münasibətləri barədə də danışıb və Vardanyanın 2023-cü il sentyabrın 27-də onun
avtomobilində Azərbaycanı tərk etmək istəyərkən saxlanıldığını bildirib. “Beş
nəfər idik, söhbət edirdik, Vardanyan da orada idi. Dedim sən nə ilə
gedəcəksən? Çiynini çəkdi. Soruşdu ki, maşınında yer var? Dedim ki, qonşu qadın
da bizimlə getmək istəyir. Həyat yoldaşıma zəng vurub soruşdum ki, qonşu
qadının getməsi dəqiqdir? Dedi, yox, onun oğlu maşın tapıb. Vardanyana dedim
ki, maşında bir yer var. Sonra Laçın sərhəd-keçid məntəqəsində saxlanıldıq” deyə o əlavə edib.
Daha sonra cinayət işi üzrə sənədlər tədqiq olunub.
Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin olunub.
Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam
etdiriləcək.
tag: Ermənistan, Azərbaycan, Terror, Arayik,Vardaryan, Məhkəmə, todaypress.az,