Zərərçəkən: "Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı"
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə
bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan
vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin
8-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan
ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)
təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə
müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə
davam etdirilib.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş
şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Sonra təqsirləndirilən Ruben Vardanyan və onun
hüquqlarını müdafiə edən vəkili Avraam Berman məhkəməyə müraciət edərək
məhkəmənin iclas protokolları ilə təkrarən tanış olmaq istədiklərini
bildiriblər.
İclasa sədrlik edən Zeynal Ağayev onlara protokollarla
tanış olmaq üçün yenidən şərait yaradılacağını deyib.
İclasda Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq,
göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi
qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz
etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə
təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan
sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş
şəxslər dindirilib.
Zərərçəkən Vahid Əliyev təqsirləndirilən şəxslə
tanışlığının olmadığını, R.Vardanyanı sosial şəbəkələr və media vasitəsilə
tanıdığını bildirib. O, Ermənistan ordusunun hərbi təxribatı zamanı açılmış
atəş nəticəsində yaralandığını, döyüş yoldaşlarının bir neçəsinin isə şəhid
olduğunu və müxtəlif xəsarətlər aldıqlarını deyib.
Zərərçəkmiş Anar Cəlalov ifadəsində Ermənistan silahlı
qüvvələrinin hərbi təxribatı zamanı atılmış artilleriya mərmisinin partlaması
nəticəsində xəsarət aldığını bildirib. O, hadisə zamanı hərbi hissənin qərargah
rəisi olduğunu söyləyib və əlavə edib: “Qarşı tərəfdən top atəşləri açılırdı.
Həmin vaxt xidmət yoldaşlarımdan xəsarət alanlar və şəhidlik zirvəsinə
ucalanlar oldu”.
Bundan başqa, zərərçəkmiş Xocavənd istiqamətində
atəşkəsin tez-tez pozulduğunu, qarşı tərəfin bütün atıcı silahlardan istifadə
etdiyini bildirib.
İfadə verən zərərçəkmiş Emin Şahbazov dövlət ittihamçısı
Fuad Musayevin suallarını cavablandıran zaman Ağdamda yaralandığını bildirib.
Kəllə-beyin travması almış hərbçi hospitala aparıldığını,
orada danışa bilmədiyini, istəklərini həkimlərə yazı vasitəsilə çatdırdığını deyib.
O, yaralanması hadisəsini belə danışıb: “Düşmənin iki
postu var idi. Onlar hərbi təxribat törətmək istəyərkən biz bunun qarşısını
aldıq. Sonra onların artilleriya hücumu başlandı. Nəticədə yaralandım. Müxtəlif
hospitallarda müalicə olunmuşam. Müalicəm indi də davam edir”.
Zərərçəkmiş Hilal Həsənov dövlət ittihamçısı Vüsal
Abdullayevin suallarını cavablandıran zaman Ağdərə istiqamətində düşmənin hərbi
təxribatının qarşısını alarkən yaralandığını bildirib və deyib: “Düşmən hərbi
təxribat törədərək əvvəlcə artilleriya atəşi açır, sonra canlı qüvvə ilə hücuma
keçməyə cəhd edirdi, lakin bu təxribatın qarşısı alındı. Şəhidlərimiz,
yaralılarımız oldu”.
Zərərçəkmiş Zamiq Həsrətov ifadəsində düşmən təxribatının
qarşısını alarkən minaatandan atılan atəş nəticəsində yaralandığını deyib.
Zərərçəkmiş Elnur Həsənov dövlət ittihamçısı Təranə
Məmmədovanın suallarını cavablandıran zaman Ermənistan tərəfinin açdığı atəşlər
nəticəsində dəfələrlə yaralandığını bildirib. O, 3 güllə yarası aldığını,
bədənində olan qəlpələrdən 70-nin çıxarıldığını, 30-dan artıq qəlpənin hazırda
bədənində olduğunu bildirib və deyib: “Hazırda xidmətdəyəm, xidmətimi davam
etdirirəm”.
Zərərçəkmiş Fariz Manafov da ifadəsində təqsirləndirilən
şəxsi sosial şəbəkələr vasitəsilə tanıdığını, yaralandığını bildirib. F.Manafov
hadisə zamanı qarşı tərəfin iriçaplı silahlarla və artilleriya silahları ilə
atəş açdığını vurğulayıb və deyib: “Xocavənd rayonunun Çartaz kəndi
istiqamətində motoatıcı taqım komandiri vəzifəsində xidmət etmişəm. Düşmən
tərəfinin təxribatları tez-tez olurdu. İriçaplı silahlardan, artilleriyadan
istifadə edirdilər”.
O, hərbçi yoldaşlarından 14-nün yaralandığını, 2 əsgərin
və 1 nəfər gizirin isə şəhid olduğunu deyib.
İfadə verən zərərçəkmiş şəxs, Müdafiə Nazirliyinin “N”
saylı hərbi hissəsində tibb xidməti rəisi olmuş Aqşin Balakişiyev deyib:
“Düşmən təxribatı nəticəsində arxa məntəqədə düşmən artilleriyasından açılan
atəş nəticəsində yaralandım”.
O, çalışdığı səyyar tibb məntəqəsinin döyüş şəraitindən
5-10 kilometr arxada olduğunu, məntəqənin tibb məntəqəsi olmasını göstərən
işarənin (qırmızı aypara şəkli) mövcudluğuna baxmayaraq atəşə tutulduğunu
söyləyib: “Orada bütün həkimlərin və sanitarların qollarında qırmızı bayraq
olur. Bizim tibb məntəqəmizlə yanaşı, həm sanitar maşınlarımız, həm
sanitarlarımız, həm də həkimlərimiz düşmən təxribatı nəticəsində artilleriya
zərbələrinə məruz qalmışdı. Yəni, beynəlxalq konvensiyanın tələbləri pozulub”.
Zərərçəkmiş Habil Quliyev ifadəsində yaralandığını
bildirib. “Düşmən mütəmadi olaraq atəş açırdı”, - deyə o əlavə edib.
Zərərçəkmiş Fərhad Tağıyev Ağdamda yaralı hərbi
qulluqçuları təxliyə etmək üçün sanitar avtomobillə gedərkən nəqliyyat
vasitəsinin vurulduğunu bildirib və deyib: “Avtomobilin üç tərəfi qızıl aypara
şəkli ilə işarələnib. Yəni, açıq-aydın bilinir ki, bu, yaralıları təxliyə edən
maşındır. Maşınımız raketlə vuruldu. Nəticədə mən və maşında olan digər 4
hərbçi yoldaşım xəsarət aldı”.
Onunla birlikdə həmin sanitar nəqliyyatında olmuş digər
zərərçəkmiş Fərid Zeynalov F.Tağıyevin ifadəsini təsdiqləyib. O, maşının
idarəolunan raketlə vurulduğunu söyləyib.
Zərərçəkmiş Hicran Sultanov Ağdamda düşmən təxribatının
qarşısını alarkən yaralandığını bildirib və deyib: “Qrup komandiri vəzifəsində
olmuşam. Döyüş yoldaşlarımızı - yaralılarımızı və şəhidlərimizi təxliyə edərkən
tibb maşınını vurmaq istəyirdilər. Tibb maşınını vurmaları alınmadı. Düzgün
nişan ala bilməmişdilər, atıcı səhv etmişdi. Hər halda tank əleyhinə olan
“Faqot”u iki nəfərə görə atmazdılar. Əsas mərmi bizdən 10-15 metr aralı düşdü.
Bəxtimiz gətirdi ki, olduğumuz yer torpaq idi, boşluq idi. O qədər qəlpənin
hamısı üstümüzə gəlmədi”.
Zərərçəkmiş Ruslan Heydərov Xocavənddə snayper
tüfəngindən açılmış atəş nəticəsində sağ çiynindən yaralandığını bildirib.
Digər zərərçəkənlər - Nəbi Babayev, Vüqar Məmmədov, Emil
Nəbiyev, Mahir Zeynalov, Sübhan Əlirzayev, Əfran Kamilov, Təbriz Əhmədov,
Cavidan Talıblı, Niyaməddin Əsgərov, Həsən Qurbanov və başqaları ifadələrində
qarşı tərəfin müxtəlif silahlardan onların mövqelərinə atəş açdığını bildirib,
özlərinin müxtəlif xəsarətlər aldıqlarını deyiblər.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində
keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110
(insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə
qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11,
116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını
pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam
öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11,
29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq),
214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə),
218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla
ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının
dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
tag: Vardaryan,Erməni, Məhkəmə, Azərbaycan, Ermənistan, Ruben, todaypress.az,