Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşdü - YENİLƏNDİ - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.
TodayPress xəbər verir ki, Belçika Krallığının Baş
naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri
ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu deyib.
Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə
zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində
böyük rol oynadığını vurğulayıb.
Aleksandr De Kro ölkəmizə səfərinin həm ikitərəfli,
həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan
yaratdığını qeyd edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin
olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini deyib.
Dövlət başçısı ölkəmizlə Avropa İttifaqı arasında
uğurlu əməkdşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın yaşıl enerji
imkanlarına toxunan və Xəzər dənizinin Azərbaycan sahillərində böyük külək
enerjisi potensialının olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə istehsal
olunan yaşıl enerjinin Avropaya ixracı üçün konkret layihələrin həyata
keçirildiyini bildirib.
Azərbaycan Prezidenti ölkəmiz ilə Avropa İttifaqı
arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az
vaxt olmasına baxmayaraq Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi
üçün səylər göstərdiyini vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin də iqlim dəyişmələrinə
məruz qaldığını bildirib.
Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan
arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçısı son bir ildə fəal danışıqlar nəticəsində
ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlərin
olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan
Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin
imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanı
COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunub, Belçika şirkətlərinin dənizdə bərpaolunan enerji sahəsində
böyük imkanlara malik olduğu bildirilib.
***
15.34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Belçika,Aleksandr De Kro, Görüş, todaypress.az,
